AŞPA-nın sağlamlıq üzrə alt komitəsinin iclasında “donuz qripi” ilə bağlı müzakirələr aparılıb. Toplantıda komitənin sədri epidemioloq Volfqanq Vodarq “A qripi” təhlükəsinin əslində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən süni olaraq şişirdildiyini deyib. O “donuz qripi” pandemiyasını “əsrin ən böyük fırıldağı” adlandıraraq ÜST-ün iri dərman şirkətlərinin təzyiqi ilə bu həyəcanı elan etdiyini bildirib. Belə ki, bir il ərzində bu xəstəliklə mübarizəyə 18 milyard dollar xərclənib ki, bu vəsaitin böyük hissəsi əczaçı şirkətlərinə ödənilib. Ekspertlərin hesablamalarına görə, təkcə Böyük Britaniyanın üç şirkəti 5,1 mlrd. dollar əlavə gəlir götürüblər.
Xatırladaq ki, ən son rəsmi məlumatlara görə, dünyada 13 mindən artıq insan "A H1N1" virusunun qurbanı olub. ÜST-ün məlumatına görə, xəstəlik 208 ölkədə yayılıb.
Hazırda bir neçə ölkə aldıqları vaksinləri geri qaytarmağa hazırlaşırlar. Fransa isə “donuz qripi” əleyhinə vaksinlərə ehtiyac qalmadığından onları elə aldığı qiymətə, vaksinin biri 7 avro olmaqla digər ölkələrə satmaq istəyir.
Azərbaycan isə bu günə qədər 170 min doza vaksin alıb və gələcəkdə daha 730 min doz vaksin almağı planlaşdırır. Əhalinin vaksinlərə münasibəti də birmənalı deyil.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyində isə bütün ittihamları, eləcə də peyvəndlərin sağlamlığa pis təsir etməsi barədə məlumatları təkzib edirlər.
Azərbaycan Səhiyyə Nazirliyi də peyvənd işlərinin ÜST-ün tövsiyələri əsasında həyata keçirildiyini və bu işlərin pandemiyanın bitməsi rəsmən elan edilənə qədər aparılacağını bildirir. Nazirliyin statistikasına görə, indiyə qədər 4142 nəfər peyvənd olunub. ANS-PRESS